“Molla Nəsrəddin” ədəbi məktəbində milli varlıq problemləri” monoqrafiyası nəşr olunmuşdur

“Elm” nəşriyyatında (2013) filologiya üzrə fəlsəfə doktoru Allahverdi Məmmədlinin “Molla Nəsrəddin” ədəbi məktəbində milli varlıq problemləri” monoqrafiyası nəşr olunmuşdur. Mövzunun aktuallığını nəzərə alıb, kitabdan bir hissəni oxucularımızın diqqətinə çatdırırıq. Azərbaycan xalqı formalaşdığı zamandan öz milli varlığını, özünəməxsusluğunu qorumaq uğrunda mücadilə edib. Milli varlığı qorumaq azərbaycançılığı, Vətəni, milləti, ana dilini qorumaq deməkdir. Azərbaycançılığın tarixi Azərbaycan xalqının tarixi qədər qədimdir. Konkretləşdirsək, Vətənin müqəddəratı, millətin taleyi, ana dilinin qorunması və inkişafı ilə bağlı məsələlər azərbaycançılığın özəyini təşkil edir. Çağdaş dövrümüzdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan milli dəyərlərinə, azərbaycançılıq ideyalarına verdiyi yüksək qiymət bizi yenidən özümüzə qaytardı: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. Ulu öndər milli dili, milli mədəniyyəti, milli-mənəvi dəyərləri, adət-ənənələri azərbaycançılığın əsası kimi qiymətləndirirdi. Böyük azərbaycanlı Heydər Əliyev milliliklə dövlətçiliyi bir-birinə qovuşdurdu, onların sarsılmaz vəhdətini təmin etdi. Dünyadakı hər bir xalqın arzusunda olduğu müstəqil milli dövlət Azərbaycanda yenidən reallaşdı. Tarixdən məlumdur ki, belə müqəddəs missiyanı həyata keçirən dahi şəxsiyyətlər özləri də müqəddəsləşir, milli tarixin əvəzsiz, ülvi dəyərinə və sərvətinə çevrilirlər. Azərbaycançılıq milli varlıq məsələsidir. Bu ideyanın dərk olunmasının əsasında Azərbaycan xalqının tarixi, mənəvi-əxlaqi, mədəni ənənələri zəminində birlik ideyası durur və bu, nəinki indi, həm də uzaq gələcəkdə də azərbaycanlıların bir çox nəsillərinə xidmət edəcək. Bu gün Azərbaycan tarixən özünün ikinci — yeni müstəqillik dövrünü yaşayır. Ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə desək, Azərbaycanın müstəqilliyi dönməzdir, əbədidir. Xalqımız azad, müstəqil yaşamaq haqqına asanlıqla nail olmamışdır. Müstəqilliyə çatmaq üçün mübarizələrlə zəngin uzun bir tarixi yol keçmişdir. Tarixi mübarizə yolunun müxtəlif mərhələlərində, XX əsrin ilk çağında və xüsusilə, mollanəsrəddinçilərin yaşayıb-yaratdıqları dövrdə azərbaycançılıq uğrunda mübarizədə böyük fəallıq müşahidə olunur. Bu fəal mübarizə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin, 1991-ci ildə Azərbaycan Respublikasının meydana gəlməsinə səbəb oldu. Yeni dövrdə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olundu. Bu mənada “Azərbaycançılığın bütöv bir xalqın - bütün dünyada yaşayan azərbaycanlıların, Ana Vətənlə əlaqəsi olan bütün soydaşlarımızın milli birlik simvoluna, milli ideologiyasına çevrilməsi... 1993-cü ildən başlanır”. Ümummilli lider Heydər Əliyevin “Müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır” kimi proqnozu və elmi yanaşması bu ideyanın müasir dövrümüzdə daim gündəmdə olmasını şərtləndirir.

LƏTİFƏLƏR