SİLLƏNİN QİYMƏTİ
25

Bir gün Molla Nəsrəddin yol ilə gedərkən tanımadığı bir adam onun boynuna bir şapalaq vurur. Molla geri dönən kimi o adam deyir:

─ Bağışla, tanımamışam. Mən daldan səni yaxın dostlarımdan birinə oxşadıb zarafat elədim.

Bu hərəkətdən qəzəblənmiş Molla onu tutub birbaş qazının yanına aparır. Təsadüfən həmin adam qazının dostlarından imiş. Odur ki, öz adamını təmizə çıxartmaq üçün qazı deyir:

─ Molla, o səni qəsdən vurmayıb. Əgər bağışlamırsansa, sən də ona bir şapalaq vur.

─ Yox, mən ədalət istəyirəm, ─ deyə Molla israr edir.

─ Onda cərimə olaraq bu adam sənə bir qızıl versin, ─ deyə qazı təklif edir.

Kişi yanında qızıl olmadığını bildirib evdən pul gətirmək üçün icazə istəyir. Qazı işarə ilə onu başa salır ki, daha qayıdıb gəlməsin.

Molla bir-iki saat gözləyir, görür ki, pul gətirməyə gedən adam qayıtmadı. Axırda qazının kələyini başa düşüb ayağa qalxır və ona yaxınlaşıb soruşur:

─ Cənab qazı, qanuna görə, demək, sillənin biri bir qızıldır, eləmi?

─ Bəli, qanunda olmasaydı, bu hökmü verməzdim ki?!

Molla bunu eşidən kimi cəld qazının üzünə bir sillə vurub deyir:

─ Doğrusu, mənim onu gözləməyə vaxtım yoxdur. Vacib iş üçün tələsirəm. O gələndə bir qızılı sən alarsan.

 

LƏTİFƏLƏR