YA EŞŞƏK ÖLƏR, YA XAN
25

Bir gün xana bir eşşək bağışlayırlar. Xan Molla Nəsrəddini yanına çağırıb deyir:

─ Molla, bu eşşəyi mən neyləyim?

Yoxsullaşmış Molla xanın bu sualından bir işıq yolu hiss edib tez cavab verir:

Xan sağ olsun, bu eşşək çox ağıllı heyvana oxşayır. Əgər onu mənə versəniz, mən ona danışmaq öyrədərəm.

Mollanın sözündən maraqlanan xan deyir:

─ Yaxşı, verərəm. Şərtini de görüm.

─ Şərti bir az ağırdır. Bu iş çox zəhmətlidir. Gərək mənə beş il möhlət verəsən və min qızıl da pul.

Xan Mollanın şərti ilə razılaşır, Molla da pulu alıb, eşşəyin noxtasından darta-darta evinə gətirir. Mollanın arvadı bunu görüb soruşur:

─ Ay Molla, bu nədir, xeyir ola?

─ Heç səsini çıxartma, arvad, bu pulları xərclə, görək başımıza nə gəlir, ─ deyib əhvalatı arvadına danışır.

─ Ay Molla, yəqin sənin başına hava gəlib... Eşşək də danışarmı?...

─ Əlbəttə, eşşək danışmaz.

─ Bəs indi ki, danışmaz, niyə boynuna götürübsən?

─ Necə yəni niyə? Zarafat deyil, gör nə qədər pul almışam.

─ Yaxşı, bəs beş ildən sonra vədə tamam olanda xana nə cavab verəcəksən?

Molla bir az fikirləşib deyir:

─ Heç fikir eləmə, arvad! Bu pulları götür, bol-bol xərclə, vaxt başa gələnə qədər ya eşşək ölər, ya da ki, xan.

LƏTİFƏLƏR