SƏN GÜNDƏ GƏLİRSƏN
25

Bir gün Mollanın bir nəfərlə sözü çəp gəlir. Onu tutub şəhər valisinin yanına aparırlar. Təsadüfən bir neçə gün ondan qabaq da bir məsələ üstündə Mollanı valinin yanına aparıbmışlar.

Vali Mollanı görcək deyir:

─ Molla, heç sənə ayıb deyilmi ki, bununla ikinci dəfədir səni bu divanxanaya gətirirlər?

─ Cənab vali, bu divanxanaya gələndə nə olar ki?

─ Necə yəni nə olar? Sən hələ indiyə kimi bilmirsən ki, buraya düz adam gəlməz.

─ Cənab vali, mən ömrümdə bu divanxanaya iki dəfə gəlmişəm. Sən özün ki, gündə səhərdən axşama qədər burada olursan. İndi sən özün fikirləş, düz adam olmayan sənsən, ya mən?

LƏTİFƏLƏR